main-post-cover

    Uranın peyki Ariel potensial olaraq səthaltı okeana sahibdir

    Elm & Texnologiya
    12.02.2025
    Emil Nəcəfov
         Hazırda alimlər hesab edirlər ki, Yupiter, Saturn, eləcə də Neptun Uranın bəzi peykləri su dünyalarıdır. Yəni onların səthlərində olan qalın buz qatının alt hissəsində maye şəklində sudan ibarət okean mövcuddur. The Planetary Science Journal jurnalında dərc olunmuş yeni araşdırmanın müəllifləri belə nəticəyə gəliblər ki, Uranın Ariel adlı peykinin səthində olan karbon dioksid buz çöküntüləri səthaltı okeanın mövcudluğuna işarə edir. Science Alert saytı xəbər verib ki, alimlər karbon dioksid və digər karbon tərkibli birləşmələrdən ibarət buzun Ariel peykinin səthindəki çatlarda yerləşdiyini və bu qatların peykin daxilində baş verən kimyəvi proseslər nəticəsində yarandığını düşünürlər.
         Bu o deməkdir ki, həmin çatlar Uranın peykinin daxili quruluşunu anlamağa kömək edə bilər. Alimlərin sözlərinə görə, bu buz dünyasının səthindəki heç bir başqa xüsusiyyət, həmin çatlar istisna olmaqla, daxildən materialın səthə çıxmasını göstərmir. Əvvəlki araşdırmalar bu çatların tektonik və vulkanik fəaliyyətin qarşılıqlı təsiri nəticəsində yarandığını ehtimal edirdi, lakin bu prosesin detalları aydın deyildi. İndi alimlər müşahidə və modelləşdirmə məlumatlarından istifadə edərək bu bilik boşluqlarını doldurmağa çalışıblar. Araşdırmanın müəllifləri belə nəticəyə gəliblər ki, Yer kürəsində məlum olan bir proses çox güman ki, Ariel peykindəki çatların yaranmasından cavabdehdir.
         Bu proses spredinq adlanır və o, orta okean silsilələri bölgəsində baş verir. Bu zaman dəniz dibinin hissələri və materiallar aşağıdan yuxarı qalxaraq yeni qabıq hissəsini formalaşdırırlar. Ariel peykində spredinq prosesi daha isti materialın aşağıdan yuxarı qalxaraq peykin qabığını çatlatması və sonra yaranan çatlığı doldurması zamanı baş verə bilər. Keçmişdə Uranın peykləri orbit rezonansında olublar ki, bu da planetin qravitasiyasının peyklərin daxili hissəsini qızdırmasına səbəb olub. Alimlər hesab edirlər ki, bu proses nəticəsində Uranın peykinin səthi dəyişmiş, eyni zamanda onun daxili strukturu da dəyişikliklərə məruz qalmışdır.
         Yəni, peykin daxilində maye şəklində sudan ibarət okeanın yaranması üçün əlverişli şərait formalaşmışdır. James Webb kosmik teleskopunun son müşahidələri göstərir ki, belə bir okean Ariel peykində mövcuddur. Əgər bu doğrudursa, o zaman okean çox güman ki, Arielin səthində və xüsusilə onun çatlarında karbon dioksid buzunun yaranmasından cavabdehdir. Alimlər hələlik okeanın ölçüsünü və dərinliyini qiymətləndirməyin çətin olduğunu bildirirlər. Araşdırmanın müəllifləri hesab edirlər ki, Uran və onun peyklərini tədqiq etmək üçün kosmik aparat göndərilməlidir. Bu, Arielin həqiqətən su dünyası olduğunu sübut etməyə imkan verəcək.
    Mənbə: Science Alert
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    İnsanlar hələ də təkamül prosesindədirlər (VİDEO)
    insanlar-hele-de-tekamul-prosesindedirler
    2100-cü ilə qədər Arktika qlobal istiləşmə səbəbilə tanınmaz hala gələcək
    2100-cu-ile-qeder-arktika-qlobal-istilesme-sebebile-taninmaz-hala-gelecek
    Yer kürəsinin 2032-ci ildə asteroidlər toqquşma ehtimalı 2 dəfə yüksəlib
    yer-kuresinin-2032-ci-ilde-asteroidler-toqqusma-ehtimali-2-defe-yukselib
    Təcrübi müalicə üsulu son mərhələdə olmuş böyrək xərçənginin öhdəsindən gələ bilib
    tecrubi-mualice-usulu-son-merhelede-olmus-boyrek-xercenginin-ohdesinden-gele-bilib
    Alimlər qida qəbulunu dayandıran neyronları kəşf ediblər
    alimler-qida-qebulunu-dayandiran-neyronlari-kesf-edibler